2023-02-20

Budapeştdə Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib

17 fevral 2023-cü ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası keçirilib.

İclasdan əvvəl Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun görüşü olub.

Daha sonra, nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib.  

S.Babayev və P.Siyarto tərəfindən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasının yekunlarına dair Protokol imzalanıb. 

Komissiyanın həmsədrləri brifinq keçirərək Komissiyanın bu iclasının və müzakirələrin yekunu olaraq gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən oldunduğu Protokolun Azərbaycan-Macarıstan əlaqələrinin yüksələn xətt üzrə  inkişafında mühüm rol oynayacağına əminlik ifadə ediblər.

Birgə Komissiyanın 9-cu iclası çərçivəsində Azərbaycan-Macarıstan biznes forumu keçirilib.

Biznes forumda 26-sı Azərbaycan, 61-i Macarıstan tərəfindən olmaqla 87 şirkət iştirak edib.

Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto biznes forumun açılış tədbirində çıxış ediblər.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədr müavini İsmayıl Manafov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov forumda çıxış ediblər.

Biznes forumda iş adamları arasında görüşlər keçirilib, gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.

 

Arxiv üzrə axtarış