2023-10-17

“Savalan” şərabları Budapeşt şəhərində təqdim olunub

Azərbaycanın Macarıstandakı səfirliyində “Savalan” şərablarının təqdimatı keçirilib.

“SAVALAN ASPI Winery” şirkətinin dəstəyi ilə reallaşan tədbirdə şirkətin rəhbəri Arif Rəhimov, Macarıstanın aparıcı şərab istehsalçıları, Budapeşt şəhərinin tanınmış restoranlarının, o cümlədən “Michelin” ulduzlu restoranların təmsilçiləri, mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə ölkəmizin şərabçılıq ənənələri barədə məlumat verib. İki ölkə arasında müxtəlif sahələrdə uğurla davam etdirilən əməkdaşlıq haqqında danışıb.

Tədbirdə Macarıstanın sabiq mədəniyyət nazirinin müavini, Türkiyə-Macarıstan əməkdaşlığı üzrə hökumət komissarı Peter Hoppal iştirak edib.

Azərbaycanda səfərdə olmuş və Mərkəzi Avropanın şərabçılıq sahəsində məşhur “Vince” jurnalında ölkəmiz barədə məqaləsi dərc edilmiş macar jurnalist Şandor Nemeti səfəri barədə təəssüratlarını bölüşüb. Daha sonra Azərbaycanla bağlı video nümayiş etdirilib.

“SAVALAN ASPI Winery” şirkətinin icraçı direktoru Timur Məmmədov “Savalan” şərabları, onların ölkə daxilində və xaricində tanınması, eləcə də əldə edilmiş beynəlxalq mükafatlar barədə danışıb.

Açılış hissədən sonra “Savalan” şərabları iştirakçılara təqdim olunub, Macarıstan təmsilçiləri milli mətbəximizin təamlarını dadmaq imkanı əldə ediblər.

Tədbir çərçivəsində “SAVALAN ASPI Winery” və Macarıstanın “VARROS & Co. Kft.” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Budapeşt, 17 oktyabr, AZƏRTAC

 

Arxiv üzrə axtarış