2023-11-23

Budapeştdə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazirlərin 5-ci iclası keçirilib

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov 21 noyabr 2023-cü ildə Budapeştdə keçirilmiş "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası məqsədilə nazirlərin beşinci iclasında iştirak etmək üçün Macarıstana səfər edib.
Tədbirdə Macarıstanı xarici işlər və ticarət naziri Peter Siyyarto, Gürcüstanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı isə energetika naziri Sebastian Burduja təmsil ediblər. Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, 4 ölkənin ötürücü sistem operatorlarının və “CESI” şirkətinin nümayəndələri də iştirak ediblər.
İclas çərçivəsində "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb və bu istiqamətdə "yaşıl enerji platforması"nın yaradılması razılaşdırılıb.
Energetika naziri Pərviz Şahbazov səfər çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri P. Siyyarto və energetika naziri Csaba Lantos ilə ikitərəfli görüşlər keçirib.

Arxiv üzrə axtarış