2023-12-13

Macarıstanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 11-də Budapeştdəki Azərbaycan Evində Macarıstanda təhsil alan azərbaycanlı gənclər ilə keçirilmiş görüş Ümummilli Lider Heydər Əliyevin xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Ümummilli Lider Heydər Əliyevin dövlətimizin gənclər siyasətinə verdiyi töhfələrdən danışıblar. Ulu Öndər tərəfindən əsası qoyulmuş bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi və Gənclər Fondunun fəaliyyətinin bunun bariz nümunəsi olduğu vurğulanıb. Görüşdə, həmçinin mədəniyyət nazirinin müşaviri, Əməkdar artist Oleq Əmirbəyov iştirak edib.

Dekabrın 12-də isə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində Ümummilli Liderin anım günü münasibətilə tədbir təşkil olunub. Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və onun əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Səfir T.Tağızadə çıxış edərək, dahi şəxsiyyətin Azərbaycan tarixindəki rolunu Macarıstanın dövlət xadimləri inqilabçı Layoş Koşut (Lajos Kossuth) və islahatçı Dyula Andraşi (Gyula Andrassy) ilə müqayisə edib, H. Əliyevin hər iki istiqaməti özündə birləşdirən siyasət yeritdiyini vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi nəticəsi olduğu diqqətə çatdırılıb.

Budapeşt, 12 dekabr, AZƏRTAC

Arxiv üzrə axtarış