2017-12-15

Macarıstanın Lakitelek Xalq İnstitutunda “XX əsrin 80-ci illərinin sonlarında dövlət quruluşlarının dəyişməsinin elmi analizi” adlı elmi-praktik konfrans keçirilib

13-14 dekabr tarixlərində Macarıstanın Lakitelek Xalq İnstitutu və İctimai-siyasi transformasiya İnstitutunun birgə təşkilatçılığı ilə “XX əsrin 80-ci illərinin sonlarında dövlət quruluşlarının dəyişməsinin elmi analizi” adlı elmi-praktik konfrans keçirilib.

Konfransda Macarıstan Parlamentinin sədr müavini, Lakitelek Xalq İnstitutunun rəhbəri Şandor Lejak, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin və KİV-in nümayəndələri iştirak edib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin müşaviri Zaur Şükürov “Sovetlər birliyinin süqutundan sonra Azərbaycanda cərəyan edən  ictimai-siyasi və sosial-iqtisadi proseslər: keçid dövrünün problemləri və dinamik inkişaf edən müasir Azərbaycan” mövzusunda çıxış edib.

Z.Şükürov Sovet İttifaqının son illərində respublikamızda gedən proseslər, 80-cı illərin sonlarında ölkəmizdə yenidən baş qaldırmış mənfur erməni separatizmi, xalqımızın milli-azadlıq ruhunun oyanışı, Sovet imperiyasının öz həqiqi üzünü nümayiş etdirərək, Bakıda törətdiyi  qanlı yanvar hadisələri, 1991-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən sonra baş verən hadisələr, Ermənistanın işğalçılıq siyasəti, müstəqilliyimizin ilk illərində respublikamızın ictimai-siyasi və sosial-iqtisadi həyatında, müşahidə edilən və Azərbaycan dövlətçiliyinə təhlükə yaradan proseslərdən, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində, müstəqilliyimizin qorunub saxlanılmasında xüsusi xidmətlərindən bəhs edib.

2003-cü ildən etibarən Ulu öndər Heydər Əliyevin siyasi kursunun xalqın dəstəyi ilə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və həmin dövrdən başlayaraq Azərbaycanın dinamik inkişaf mərhələsinə keçid etdiyi, Azərbaycanın hazırda apardığı balanslaşdırılmış, sülhsevər, ölkənin hərtərəfli inkişafı və xalqın rifah halının yüksəldilməsinə istiqamətlənmiş daxili və xarici siyasət kursu sayəsində, xüsusilə də öz maraqlarını ardıcıl olaraq müdafiə etmək iqtidarında olan, müstəqil siyasət yürüdən bir dövlət kimi əhəmiyyətli uğurlara imza atdığı və  beynəlxalq münasibətlər sistemində mühüm yer tutduğu diqqətə çatdırılıb.

Daha sonra, ölkəmizin bilavasitə iştirakı ilə həyata keçirilən, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP kimi irimiqyaslı qlobal enerji və nəqliyyat layihələri barədə məlumat verilərək, Azərbaycanın artıq özünü etibarlı tərəfdaş kimi sübut etdiyi və yaxın gələcəkdə enerji ehtiyatlarını birbaşa olaraq Avropaya nəql edəcəyi, bununla da təkcə özünün və yerləşdiyi regionun deyil, həm də Avropanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli rol oynayacağı, habelə Şərqlə Qərbi daha tez və səmərəli əlaqələndirəcək yeni nəqliyyat dəhlizinin istifadəyə verildiyi vurğulanıb.

Həmçinin, son illər Azərbaycanın dünya miqyasında multikulturalizm mərkəzinə çevrildiyi qeyd olunaraq, ölkəmizdə mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə beynəlxalq tədbirlərə, humanitar forumlara, habelə beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyi bildirilib və stabillik hökm sürən Azərbaycanda bütün xalqların nümayəndələrinin rahat yaşadıqları diqqətə çatdırılıb.

Çıxış zamanı xüsusi olaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə tədbir iştirakçılarının diqqəti çəkilərək, iyirmi ildən artıqdır ki, bu ölkənin Azərbaycan Respublikasının əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxladığı və bu işğal nəticəsində 1 milyona yaxın həmvətənimizin qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, həmin ərazilərdəki tarixi abidələrimizin məhv edildiyi qeyd olunub. BMT, İƏT və digər nüfuzlu beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etdiyi bildirilərək, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, beynəlxalq hüququn ümumqəbulolunmuş norma və prinsipləri əsasında həll edilə biləcəyi vurğulanıb.

Arxiv üzrə axtarış