2018-01-17

Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyevin bu ölkənin Xarici İşlər və Ticarət Nazirliyində təltif edilmə mərasimi təşkil olunub

Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyevin Macarıstan Prezidentinin 27 iyul 2017-ci il tarixli Fərmanı ilə təltif edildiyi “Xidmətlərinə görə” Ordeninin 17 yanvar tarixdə bu ölkənin Xarici İşlər və Ticarət nazirliyində təqdim olunma mərasimi təşkil edilib.

Tədbirdə ilk olaraq açılış nitqi ilə çıxış edən XİN-in Dövlət katibinin müavini Jolt Çutora səfir Vilayət Quliyevin məhz Azərbaycanla Macarıstan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi sahəsində xidmətlərinə görə bu Ordenlə təltif olunduğunu bildirib. J. Çutora Səfir Vilayət Quliyevlə tanışlığının 20 ilə yaxın tarixi olduğunu söyləyərək xatirələrini bölüşüb, Azərbaycanın ictimai-siyasi həyatında, dövlət idarəçiliyi sistemində xüsusi xidmətləri olmuş, elm və ədəbiyyat sahəsində öz sözünü demiş və yüksək insani keyfiyyətlərə malik belə bir diplomatla, alimlə münasibətlərinin dostluğa çevrilməsindən məmnunluğunu ifadə edib.

Sonra, XİN-in Mərkəzi Avropa və Şərq departamentinin direktoru Antal Heizer çıxış edərək, səfir Vilayət Quliyevin Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişaf etdirilməsindəki rolundan geniş bəhs edib və səfirin Macarıstan Prezidenti tərəfindən belə yüksək Ordenlə təltif edilməsinin bu xidmətlərin nəticəsi olduğunu diqqətə çatdırıb.

Departament direktorunun çıxışının ardınca  Macarıstanın “Xidmətlərinə görə” Ordeni səfir Vilayət Quliyevə təqdim olunub.

Daha sonra səfir Vilayət Quliyev çıxış edərək, ona göstərilən yüksək etimada görə Macarıstan Prezidentinə, hökumətinə, o cümlədən Xarici İşlər və Ticarət Nazirliyinə öz minnətdarlığını ifadə edib.

İki ölkə arasında əlaqələrin mövcud durumu ilə bağlı fikirlərini bölüşən səfir Vilayət Quliyev son dövrlər münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ilin noyabr ayında Macarıstana və Macarıstanın Baş naziri Viktor Orbanın 2016-cı ilin mart ayında Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xüsusi təkan verdiyini qeyd edib.

Hazırda iki dövlət arasında yüksək etimada və siyasi dialoqa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayan səfir Vilayət Quliyev əlaqələrin inkişaf etdirilməsində Səfirliyin rolundan danışıb və bu istiqamətdə səylərin gələcəkdə daha da artırılacağını vurğulayıb.

Tədbirdə Macarıstan XİN-in rəsmiləri, KİV-in təmsilçiləri və səfirliyin əməkdaşları iştirak edib.

Arxiv üzrə axtarış