2023-06-19

Ferens List Musiqi Akademiyasında klassik musiqi konserti təşkil olunub

16 iyun 2023-cü il tarixində Heydər Əliyev Fondu, Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Ferens List Musiqi Akademiyasında klassik musiqi konserti və sərgi təşkil olunub.

Tanınmış azərbaycanlı dirijor, Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun müşayiəti ilə Macarıstanın məşhur Solnok Simfonik orkestri və gənc və istedadlı solist Selcan Nəsibli dahi Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Asəf Zeynallının, eləcə də macar bəstəkar Bela Bartok və Cakomo Puççininin əsərlərini ifa ediblər.

Konsertdə Macarıstanın Baş nazirinin ofisinin, Milli Assambleyanın, Xarici İşlər və Ticarət, Müdafiə, İqtisadi İnkişaf və Mədəniyyət Nazirliklərinin, digər dövlət qurumlarının və Budapeştdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli ictimaiyyət və KİV təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr daxil olmaqla 800 nəfərə yaxın qonaq iştirak edib.

Tədbir Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş qısa sənədli filmin nümayişi ilə başlayıb. Daha sonra, açılış nitqi ilə çıxış edən səfir Tahir Tağızadə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və cəmiyyətinin inkişafının bütün sahələrində, o cümlədən Azərbaycan musiqisinin dünyada tanıdılmasında mühüm rol oynadığını qeyd edib. Ulu Öndər tərəfindən əsası qoyulmuş uzaqgörən siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyi diqqətə çatdırılıb. Həmçinin T. Tağızadə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan musiqisinin dünyada təbliği sahəsində uğurlu fəaliyyətini vurğulayıb.

Eyni zamanda, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlərin əsas mərhələlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi qonaqlara təqdim olunub.

 

Arxiv üzrə axtarış