2023-09-28

Budapeştdə 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir təşkil olunub

Azərbaycanın Macarıstandakı səfirliyində 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir təşkil olunub.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Budapeşt şəhərində işgüzar səfərdə olan nümayəndələri, səfirliyin əməkdaşları, Macarıstandakı Azərbaycan Evinin rəhbərliyi, Azərbaycan diasporunun təmsilçiləri, paytaxtda yaşayan və təhsil alan azərbaycanlı və əcnəbi gənclər iştirak ediblər.

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxış edərək Anım Gününün xalqımız üçün iki mühüm məna daşıdığını diqqətə çatdırıb. Deyib ki, sentyabrın 27-də qəhrəmanlarımızın xatirəsini yad etməklə yanaşı, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin başladığı gün də qeyd olunur. Diplomat çıxışında ABŞ Prezidenti Tomas Ceffersonun “azadlıq ağacının zaman-zaman vətənpərvərlərin qanı ilə suvarılmalı olduğu” sözlərinə istinad edib.

T. Tağızadə Macarıstanın ölkəmizin beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyinə göstərdiyi dəstəyin Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülhə nail olunmasına, eləcə də Avropanın təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Budapeşt, 28 sentyabr, AZƏRTAC

Arxiv üzrə axtarış